SİYASƏT


Qərbi Azərbaycanda “Ermənistan dövləti” yerli əhaliyə qarşı aparılan etnik təmizləmə nəticəsində qurulub – Siyasi ekspert

Qərbi Azərbaycanda “Ermənistan dövləti” yerli əhaliyə qarşı aparılan
etnik təmizləmə nəticəsində qurulub –  Siyasi ekspert

Bakı, 28 mart, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını Təhlükəsizlik Şurasının (TŞ), Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda Azərbaycanın qələbəsi kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli söyləyib.

Beynəlxalq hüquqa uyğun hazırlanan Konsepsiyanın BMT-nin rəsmi qurumları tərəfindən təşkilatın bütün dillərində yayılmasının monoetnik dövlət olan Ermənistanın qarşısında müəyyən öhdəliklər yaratdığını vurğulayan Vüsalə Hüseynli deyib: “Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları ilə bağlı qaldırılan iddialar hər şeydən əvvəl Qərbi Azərbaycan ərazisində ermənilərin onilliklər boyu azərbaycanlılara qarşı törətdikləri cinayətlərinin yenidən gündəmə gətirilməsinə səbəb oldu. Bütün dünyaya bir daha aydın oldu ki, Qərbi Azərbaycanda bugünkü “Ermənistan dövləti” yerli əhaliyə qarşı aparılan cinayət və etnik təmizləmə sayəsində qurulub. Yerli əhalinin bu və ya digər üsullarla öz tarixi vətənlərindən qovulmasının nəticəsidir ki, bu gün Ermənistan həmin ərazilərində monoetnik dövlət yaradıb. Bu baxımdan sənədin qəbulu bizə bir çox imkanları verir ki, bu da, ilk növbədə, soydaşlarımızın Qərbi Azərbaycan ərazilərinə sülh yolu ilə dönməsi, insanlarımızın hüquqlarının bərpası ilə bağlı beynəlxalq aləmin məlumatlanmasıdır. Digər məsələ isə Qarabağ ərazisində məskunlaşmış erməni icmasının yaşam hüquqlarını müdafiə edən ölkələr artıq Qərbi Azərbaycan ərazilərindən-öz torpaqlarından və evlərindən zorla qovulmuş insanların da yaşayış, mülkiyyət hüquqlarını müdafiə etməsi üçün Ermənistan dövlətinə qarşı tələb irəli sürməlidir. Çünki Konsepsiya rəsmi İrəvanın Qərbi Azərbaycan mövzusunu həmişə təhrif etməsi imkanlarını məhdudlaşdırır. Bu, Qərbi Azərbaycanla bağlı beynəlxalq prosesin başladığına işarədir. Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmaları ilə bağlı təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün dünya miqyasında təsdiqidir”.

Siyasi ekspert qeyd edib ki, artıq növbəti addım beynəlxalq təşkilatlarda və insan hüquqlarının müdafiəsi ilə bağlı çağırışlar edən ölkələrdədir. Eyni məzmunlu sənədlərin qəbulu üçün məsələnin Avropaya, Avropanın insan hüquqlarının müdafiəsi ilə məşğul olan məhkəmələrinə daşınması zəruridir. Bu sənədlərin təsdiqlənməsi bizim qayıdışımız üçün də beynəlxalq ictimai rəy formalaşdırmış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.