ELM VƏ TƏHSİL
Qərbi Kaspi Universiteti tələbəsinin startap layihəsi Türkiyədə beynəlxalq müsabiqədə uğur qazanıb
Bakı, 16 aprel, AZƏRTAC
Qərbi Kaspi Universiteti Texnoparkında işlənən “Vooby” startap layihəsi Türkiyədə keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb.
Universitetdən AZƏRTAC-a billdiriblər ki, bu ali məktəbin Texnoparkınının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən, tələbə Azər Nemanlının rəhbərlik etdiyi, üzvlərindən ikisi məktəbli olan komandanın işlədiyi “Vooby” startap layihəsi İstanbulda keçirilən “İcatmakinesi” müsabiqəsinin final mərhələsinə keçib (http://icatmakinesi.com/sonuc/teknoloji.html).
Bu platforma insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla online rejimdə ünsiyyətini təmin etməyi nəzərdə tutur.
Layihə rəhbəri bildirib ki, bu platforma xarici dilləri öyrənmək istəyən insanları online olaraq bir araya gətirir, ünsiyyət isə səsli və görüntülü ola bilər. Bundan əlavə layihə dərsliklərlə təchiz olunub: "Bu dərsliklər sayəsində dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə olaraq öyrənmək istədiyini hesabında paylaşmağı kifayət edir. Əsas üstünlük platformanın tam pulsuz istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür”.
Qeyd edək ki, layihə bu yaxınlarda Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülüb.