CƏMİYYƏT
Qərənfil - şəhid qanı
Bakı, 20 yanvar, Süleyman Qaradağlı, AZƏRTAC
Onda hələ qərənfil şəhid qanı deyildi.
Onda hələ Bakı qan dənizində üzmürdü.
Onda hələ qırmızı güllələr günahsız sinələrdə qırmızı güllər açmamışdı.
Hər şey bir gecənin içində baş verdi – yanvarın 19-dan 20-nə keçən gecə. Ölümsaçan güllələrin sinələrə tuşlandığı, ağır tankların, zirehli maşınların qabağına çıxan hər şeyi xıncım-xıncım, əzik-əzik elədiyi gecə. Bakının asfalt küçələrinin qan dənizində çimdiyi, mavi Xəzərin gümüşü sularının səhərədək qan ağladığı, yolların, səkilərin üstünün günahsız adamların meyiti ilə dolduğu, dünyanın dadını-ləzzətini görməmiş cavanların, qoca və uşaqların ömrünün bitdiyi, şəhid olduğu gecə. O gecə Bakının bağrını dələn güllə “atəşfəşanlığı” neçə-neçə sinələri dəlik-deşik elədi, neçə-neçə uşağın, gəncin, qocanın ömrünə nöqtə qoydu.
O məşum gecə ataların qəddini əydi, anaları gözüyaşlı, qızları, gəlinləri ağlar qoydu. Bakının dizlərinə baş qoyub yatan Xəzər dünyadan vaxtsız-vədəsiz gedənlərə yas tutdu, söyüdlər saçını yoldu, dağlar bulaq gözləri ilə yaş axıtdı. 1990-cı ilin qanlı 20 yanvar gecəsi xalqımızın tarixi yaddaşına qara hərflərlə yazıldı. Analarımız qara bağladı, dağlarımız qara geyindi. Qara tabutlarda aparılan şəhidləri qara torpağa tapşırdıq.
O gecə şəhid qanı çiçəkləyən küçələrə qırmızı qərənfillər düzüldü. Küçələr, yollar, səkilər, binalar, pəncərələr qərənfillərə boyandı. Hətta tankın lüləsinə də qərənfillər taxıldı. O gecə qərənfil beləcə şəhidlik rəmzinə, şəhidlik simvoluna çevrildi. Qara tabutların üzərinə qərənfillər səpildi. Dağüstü park qırmızı qərənfil dənizinə qərq oldu.
O gecəyədək qərənfil adi güllərdən biri idi. Toya, ziyafətə və görüşə gedənlər çiçəklərin arasında qərənfil də aparardılar. Bir vaxtlar məhəbbət rəmzi olan qərənfil həmin gecədən sonra matəm çiçəyinə, kədər və hüzn simvoluna çevrildi. 20 Yanvar faciəsi təkcə insanların deyil, həm də qərənfillərin taleyini dəyişdi. İmperiya ordusunun muzdlu qatillərinin küçələrdə günahsız yerə qətlə yetirdiyi dinc sakinlərin qan izlərinin “çiçək açdığı” hər yerə qırmızı qərənfillər səpilmişdi.
Bakı küçələrində az qala hər səkiyə, hər addıma döşənən qırmızı qərənfillər... O gündən qərənfillər şəhid qanının rəmzinə çevrildi...