İQTİSADİYYAT
Qəri Counz: BP Azərbaycanda dünyanın ən irimiqyaslı layihəsini icra edir
Bakı, 16 fevral, Nihad Budaqov, AZƏRTAC
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və “Şahdəniz-2” layihəsi BP-nin dünyada icra etdiyi ən irimiqyaslı layihələrindəndir. Layihə üzrə işlərin 99 faiz icra edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz fevralın 16-da jurnalistlərlə görüşündə deyib.
O, fevralın 15-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının əhəmiyyətindən danışıb: “Bu formatda Məşvərət Şurasının yaradılması çox mühüm idi. “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirlərini və şirkətlərin nümayəndələrini bir araya toplamaq böyük bir uğurdur. Layihə uğurla irəliləyir, tikinti işləri qrafiki qabaqlayır. Hazırkı mərhələdə layihənin inşasına sərf edilən vəsait büdcədə nəzərdə tutulan xərclərdən daha azdır”.
Qəri Counz bildirib ki, ötən il “Şahdəniz-1” maksimum sabit hasilat gücü ilə işləməyə davam edib. Hasilat başlanandan bəri “Şahdəniz”dən ümumilikdə 89 milyard standart kubmetrdən çox qaz və 22 milyon tondan artıq kondensat əldə edilib: “Bu il “Şahdəniz-2” sisteminə əlavə qaz həcmləri vurulacaq. Həmin əlavə təbii qaz həcmləri iyunun sonunda genişləndirilən Cənubi Qafqaz Boru Kəməri və TANAP-la nəql ediləcək. Bu il ərzində əlavə qaz həcmlərinin 2 milyard kubmetr olması nəzərdə tutulur. Cari ilin ikinci yarısında Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağı üzrə yeni platformadan qaz hasil olunaraq sistemə qoşulacaq”.
BP-nin regional prezidenti qeyd edib ki, indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3,3 milyard barrelədək xam neft hasil olunub. Hazırda yataqda yeni platformanın qurulmasının texniki və iqtisadi səmərəliliyi nəzərdən keçirilir. Bu vaxtadək layihəyə 33 milyard dollar xərclənib. Layihənin icrası çərçivəsində Azərbaycan 125 milyard dollar gəlir əldə edib.
O, BP-nin 2019-cu ildə Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunu qazmağı planlaşdırdığını bildirib: “Bu yataqdan hasil edilən təbii qaz gələcəkdə Cənub Qaz Dəhlizi ilə Türkiyə və Avropaya nəql olunacaq”.
Q.Counz qeyd edib ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal olunur: “Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş 3 ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin 4-cü rübündə yekunlaşıb. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilib”.