İDMAN
“Qətər 2022”də 48 komandanın iştirak edəcəyi halda oyunlara ev sahibliyi edə biləcək ölkələrin adları açıqlanıb
Bakı, 13 mart, AZƏRTAC
FIFA 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatının 48 komandanın iştirakı ilə baş tutacağı təqdirdə oyunlara ev sahibliyi edə biləcək ölkələrin adlarını açıqlayıb.
AZƏRTAC FIFA-nın saytına istinadla xəbər verir ki, çempionatda komandaların sayı 32-dən 48-ə artırılarsa, oyunlar Qətərlə yanaşı, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərində keçirilə bilər. Əlavə olunma ehtimalı olan 16 komanda üçün 2 və ya 4 stadion lazım olduğu bildirilib. Bu məqsədlə FIFA Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində 3, Küveytdə 2, Oman və Bəhreyndə isə 1 arenanı nəzərdən keçirir. Ancaq Fars körfəzi ölkələrinin Qətərlə siyasi gərginliyi vəziyyəti mürəkkəbləşdirir. FIFA mundialın bəzi oyunlarına ev sahibliyi etmək arzusunda olan həmin ölkələrdən Qətərlə münasibətləri düzəltməyi və sanksiyaları aradan götürməyi tövsiyə edib.
Hazırda Qətərlə birlikdə dünya çempionatını keçirməyə ən real namizədlər Oman və Küveyt hesab olunur.
Qeyd edək ki, futbol üzrə XXII dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.