MƏDƏNİYYƏT


Qətərdə yay mövsümü

Bakı, 8 may, Emil Eyyubov, AZƏRTAC

Qətər Milli Turizm Şurası iyunun 14-dən avqustun 16-dək sərfəli şərtlərlə və rəngarəng əyləncə proqramları ilə zəngin yay mövsümünün başlandığını elan edib. 80-dən çox ölkənin vətəndaşlarına tətbiq edilən vizasız rejim sayəsində Qətərə səyahət etməyi planlaşdıran insanlar üçün indi bu ölkəyə səyahət etmək hər zaman olduğundan daha asandır. Bu il “Qətərdə yay mövsümü” paketi hər bir zövqə və maddi imkana uyğun olan geniş spektrli tədbirlər təqdim edir.

Qətər Milli Turizm Şurası turizm sahəsində bütün ölkə üzrə bir sıra təkliflər irəli sürən dövlət strukturlarının və özəl sektorun səylərini birləşdirir. “Qətərdə yay mövsümü” proqramı çox cəlbedici olacaq, çünki bu ölkəyə maraq getdikcə artır. Səyahətçilər aksiyalardan və qiymət endirimindən, həmçinin bir çox tədbirləri pulsuz izləmək imkanından faydalana bilərlər.

Qətər Milli Turizm Şurasının baş katibi və “Qatar Airways” aviaşirkətinin baş direktoru Əkbər əl–Beker qeyd edib: “Bu ilin yay mövsümü Qətərdə autentik istirahətin ideal istiqaməti kimi açılacaq. İyundan avqustun ortalarınadək olan dövrdə “Qətərdə yay mövsümü” proqramı qonaqlara iki bayramda – “Eydül Fitrə” və “Eydül Ədha” tədbirlərində iştirak etmək imkanı verəcək. Aviaşirkətlərin, mehmanxana biznesinin və turizm sektorunun əməkdaşlığı sayəsində təyyarə biletlərinə, reklam turizm paketlərinə və bütün il boyu aeroportlarda eksklüziv xidmətlərə endirimlər olacaq. Qətərdə hər bir turist görməli məkanlara ekskursiyalardan tutmuş, ailəvi əyləncələrədək öz istədiklərini tapacaq.

Beləliklə, mayın 15-dən etibarən “Qatar Airways” aviaşirkəti 160-dan çox istiqamətdən Dohaya gələn aviareyslərə mayın 30-dan avqustun 16-dək olan müddətdə 25 faiz endirim təklif edəcək. Sərnişinlər “+Qatar” unikal paketindən istifadə edərək tranzit dayanacağı zamanı Dohada dəbdəbəli otellərdən və tranzit vizalardan istifadə edə bilərlər. Hamad aeroportuna uçan, yaxud tranzitlə gələnlər üçün “Qatar Airways Al Maha Service” xidməti rahat şəkildə qarşılanma və yolasalma üçün, habelə sərnişinlərin vaxtına qənaət məqsədilə 25 faizlik endirim edəcək.

Müxtəlif səviyyəli bir sıra otel və apartamentlər də 25 faiz endirim təklif edəcəklər. Qiymətlərdə bu endirimlər iyunun 4-dən avqustun 16-dək olan müddət üçün nəzərdə tutulub və bir neçə əlavə variantları ehtiva edir. Bu otellər arasında “Marriott International Hotels” otellər qrupu da var.

Yay mövsümündə Qətərdə yaşlılar və uşaqlar üçün çoxlu əyləncəli tədbirlər keçiriləcək. Örtülü tematik parklar və interaktiv tədbirlər, həmçinin ticarət mərkəzlərindəki şoular şəhərin bütün yerlərində qonaqlar üçün açıq olacaq. Tədbirlərdən bir neçəsi Korniş sahilində təşkil olunacaq. Buradan şəhərə çox gözəl mənzərə açılır. Ənənəvi dou qayığında dəniz gəzintisi də nəzərdə tutulub. Mədəniyyət və incəsənət həvəskarları Qətərin tarixini öyrənə və ölkənin zəngin irsini dəyərləndirə bilərlər. Bunun üçün onlar Suk-Vakif qədim bazarına və Qətərin “Cultural Village” mədəniyyət mərkəzinə baş çəkməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.