ELM VƏ TƏHSİL
Qeyri-formal və informal yollarla əldə edilən səriştələrin tanınması üzrə təlim proqramı təşkil olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə beynəlxalq ekspertin iştirakı ilə ikigünlük təlim proqramı təşkil edib.
BMTİP-in Azərbaycan ofisindən AZƏRTAC-a bildirilib ki, proqrama peşə təhsili üzrə mütəxəssislər, özəl sektor nümayəndələri və sahə üzrə peşəkarlar qoşulub.
Təlim bilik və bacarıqlarının rəsmiləşdirilməsini istəyən vətəndaşlar üçün nəzəri və praktik qiymətləndirmə prosesinin təşkilinə dair addımları əhatə edir.
Qiymətləndirmələr aparıldıqdan sonra vətəndaşlar iş tapmaq, yaxud karyeralarını artırmağa kömək edəcək sertifikatlar alacaqlar. Qeyri-formal və informal səriştələrin tanınması üzrə təşviq fəaliyyətlərinin Azərbaycan əmək bazarında bacarıqlı işçi qüvvəsi üçün yeni imkanlar açacağı gözlənilir.
İlk imtahan sentyabrda Təhsildə Keyfiyyət Təminatı Agentliyi və tikinti materialları istehsalı üzrə beynəlxalq “Knauf” şirkətinin dəstəyi ilə quru inşaat üzrə biliklərini rəsmiləşdirmək istəyən namizədlər üçün Gəncədə həyata keçiriləcək. İmtahan zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar.