CƏMİYYƏT
Qıcolma tutması keçirən uşaqların yalnız iki faizində epilepsiya xəstəliyi inkişaf edir VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Qıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır.
Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq dərhal təcili yardım çağırmaq lazımdır. İlkin yardım olaraq isə xəstəni böyür üstə düz səthə uzadaraq başının altına yastıq qoymaq, otağa təmiz hava daxil olmasını təmin etmək, xəstəni sıxan paltarları onun üzərindən çıxarmaq lazımdır.
Əllərinizlə və ya hansısa bir əşya vasitəsilə qıcolmaların qarşısını almağa, xəstənin ətraflarını düzləndirməyə cəhd etməyin. Bununla ona zərər gətirə bilərsiniz. Xəstəni mümkün qədər, ətrafında təhlükəli əşyalar az olan yerdə yerləşdirmək lazımdır. Tutma zamanı hər hansı bir əşyaya toxunaraq zədələnməməsi üçün xəstəyə nəzarət etmək vacibdir. Qıcolmanın səbəbi yüksək temperatur olduqda isə bu hal qurtardıqdan sonra onu fiziki üsullarla və ya şam şəklində (uşaqlarda) dərmanla endirmək lazımdır. Xəstənin ağzına heç bir maye tökmək və ya dərman içirmək olmaz.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Tibb Universitetinin Nevrologiya və Tibbi Genetika Kafedrasının dosenti Mahirə Məmmədova bildirib.
Həkim dedi: “Qıcolmalar həm böyüklərdə, həm də uşaqlarda təsadüf edilə bilər. Qıcolmanın səbəblərindən yüksək temperatur, epilepsiya, meningit, ensefalit, beyin absesi, beyin şişi, başın travması, maddələr mübadiləsinin pozğunluqları – qanda kalsium, kalium, maqneziumun azalması, tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmaları misal çəkmək olar”.
Uşaqlarda qıcolma tez-tez rast gəlinən hallardan biridir. Bu tutmalar müxtəlif yaş dövrlərində baş verə bilər. Qıcolma tutması keçirən uşaqların yalnız iki faizində epilepsiya xəstəliyi inkişaf edir. Yeni doğulmuş uşaqlarda qıcolmanın əsas səbəblərindən bətndaxili infeksiya, ağır toksikozların, bətndaxili gipoksiyası, doğuş zamanı alınan travmaları misal çəkmək olar. Belə hallar neonatal qıcolma adlanır.
M.Məmmədovanın sözlərinə görə, bəzi insanlar digərlərinə nisbətən daha çox qıcolmadan əziyyət çəkirlər. Risk qrupuna kiçik uşaqlar, 65 yaşından böyük insanlar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, fiziki məşqlər və ya iş zamanı gərginlik yaşayan və bəzi dərman preparatları qəbul edən şəxslər daxildir.
Əzələ qıcolmaları xüsusilə dözümlülük üçün məşqlər edən idmançılarda və fiziki yükə çox məruz qalan yaşlı insanlar arasında daha çox yayılıb. İdmançılarda qıcolma, adətən, uzunmüddətli və ya gərgin fiziki məşqlərin sonunda, ya da onlardan 4-6 saat sonra inkişaf edir.
Qıcolmaya məruz qalan əzələlər çox möhkəm, formasını dəyişmiş olurlar. Nəzərə çarpmayan tiklər zamanı dəri altında dartılmaları görmək olar. Qıcolma bir neçə saniyədən 15 dəqiqə və daha çox müddətdə davam edə bilər. Qısa müddət ərzində bir neçə dəfə təkrar oluna bilər. Ağır qıcolmalar iltihaba belə gətirib çıxara bilər və hətta bir neçə gün belə davam edə bilər.
Əgər qıcolmalar tez-tez baş verirsə, burada artıq hansısa xəstəlikdən söhbət gedir. Əzələ qıcolmalarının qarşısını almaq üçün vaxtında fiziki məşqlər etmək, əzələlərin dartılma hərəkətlərini etmək, balanslaşmış pəhriz tutmaq lazımdır. Belə hallarda qida rasionunuzda kifayət qədər kalsuim, maqnezium, natruim və kalium olmalıdır.