CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarın əsas müzakirə mövzusu Qida Təhlükəsizliyi İnstitutunda Milli Bildiriş Mərkəzinin (MBM) və SFS üzrə Sorğu Mərkəzinin (SM) təsis edilməsi və idarəolunmasına dair potensialın gücləndirilməsi olub.
Görüşdə sorğu və bildiriş mərkəzinin istehsalçılar və ixracatçılar üçün üstünlükləri, tələb olunan resurslar, MBM və SM-nin idarəetmə prosedurları, Sorğu Mərkəzinin internet vasitəsilə idarəedilməsi üçün “eping” SFS bildiriş sisteminin istifadə qaydaları ilə bağlı təqdimatlar edilib.
Agentliyin sədrinin müşaviri Elxan Mikayılov Qida Təhlükəsizliyi İnstitutunda sorğu və bildiriş mərkəzinin təsis edilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar normaları Azərbaycanın ticarət tərəfdaşlarına göndərməyə, eyni zamanda, ölkəmizin ticarətində mühüm rol oynayan məlumatlar tərəfdaş ölkələrdən asanlıqla əldə etməyə imkan verəcək.