CƏMİYYƏT


Qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlim keçirilir

Bakı, 13 fevral, AZƏRTAC 

Fevralın 13-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda ISO 22002-1:2009 və ISO 22000:2018 standartlarına uyğun olaraq qida təhlükəsizliyinin idarə edilməsinə həsr olunmuş təlimə start verilib.

İnstitutun marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, təlim qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış, Amerikada və Avropanın qabaqcıl ölkələrində təcrübə keçmiş beynəlxalq ekspertlər Mars Xairullin və Tim Ross tərəfindən keçirilir.

Təlimin məqsədi iştirakçılara ilkin fəaliyyət proqramları, beynəlxalq təcrübə, bu sahədə MDB və Avropa dövlətlərində qəbul edilmiş konsepsiyaların həyata keçirilməsi və dəstəklənməsi üsulları barədə məlumat verməkdir.

Tədbirdə Azərbaycanda bu sahə üzrə fəaliyyət göstərən aparıcı müəssisələrin və şirkətlərin nümayəndələri iştirak edirlər. Təlimdə çarpaz çirklənmənin qarşısını almaq üçün görülən işlər, binaların tikintisi və planlaşdırılması, təchizat sistemləri (hava, su, elektrik enerjisi), zibillərin təmizlənməsi, satın alınmış materialların idarə edilməsi, təmizləmə və sanitariya, zərərvericilərlə mübarizə, şəxsi gigiyena və personal üçün sanitar-texniki cihazlar, emal olunacaq məhsullar, anbara yerləşdirilmə, istehlakçıların məlumatlandırılması, məhsulun qorunması, biohəssaslıq və bioterrorizm mövzularında iştirakçılara ətraflı məlumat verilir.

Təlim üç gün davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.