CƏMİYYƏT
Qida və toksiki zəhərlənmələrə həsr olunmuş mətbuat konfransı keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində (KTM) toksiki və qida zəhərlənmələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Səhiyyə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə başlanılıb.
Son altı ayda qida zəhərlənmələri mövzusunda çıxış edən KTM-nin mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva stasionar müalicə üçün bu il yanvarın 1-dən iyulun 1-dək 71 nəfər qida zəhərlənməsi, 395 nəfər kəskin mədə-bağırsaq iltihabı diaqnozu ilə daxil edildiyi barədə məlumat verib. O bildirib ki, zərərçəkənlərin hər birinə yüksək səviyyədə tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb.
Mətbuat konfransında məlumat verilib ki, zəhərlənmə diaqnozu ilə daxil olan xəstələrin 430-u rayon, 36-sı paytaxt sakini olub. Zərərçəkənlərin böyük əksəriyyətini 20-45 yaşlı şəxslər təşkil ediblər. Kliniki Tibbi Mərkəzə daxil olanların 13-nə botulizm diaqnozu qoyulub.
KTM-in toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu ilin 6 ayında toksikologiya şöbəsinə 565 müraciət olunduğunu diqqətinə çatdırıb. Şöbə müdirinin verdiyi məlumata əsasən, 241 nəfər dərmanla, 133 nəfər dəm qazı, 67 nəfər kəskin allergik reaksiyalar, 52 nəfər sirkə turşusu, 56 nəfər isə spirtli içkilərdən zəhərlənmə halları ilə əlaqədar qəbul edilib.
Jurnalistlərin suallarının cavablandırarkən baş toksikoloq bildirib ki, hətta 1 xörək qaşığı sirkə turşusunun qəbul olunması da ciddi fəsadlara səbəb olur. Dərhal həkim müdaxiləsi olmasa bu, ölümlə nəticələnə bilər.
Qeyd olunub ki, cari il ərzində Kliniki Tibbi Mərkəzə 41 nəfər ilan, 6 nəfər əqrəb sancması ilə əlaqədar müraciət edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə azalma müşahidə olunur.