DÜNYA
Qırğızıstan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek sammiti ilə bağlı müşavirə keçirib
Bişkek, 11 yanvar, AZƏRTAC
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bu il iyunun 14-15-də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının Bişkekdə baş tutacaq iclası ilə bağlı müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, Prezident 2018-ci ilin iyununda Çin Xalq Respublikasında keçirilən Zirvə görüşündə bu təşkilata sədrliyin Qırğızıstana keçdiyini xatırladıb. Dövlət başçısı Qırğızıstanın sədrliyi dövründə perspektiv layihələr haqqında məlumat verib, ildən-ilə ŞƏT-in nüfuzunun artdığını vurğulayıb.
Sooronbay Jeenbekov bildirib ki, təşkilatın üzvü olan ölkələr arasında terrorizm, ekstremizm və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə, həmçinin siyasi, ticari-iqtisadi, mədəni-humanitar, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.
Qırğızıstanın təşkilatda sədrliyi dövründə görülən işlər haqqında ŞƏT təşkilat komitəsinin sədri, prezident aparatının rəhbəri Dosali Esenaliev, xarici işlər naziri Çingiz Aydarbekov, mədəniyyət, informasiya və turizm naziri Damir Saqınbaev ətraflı məlumat verib.
Xatırladaq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek