DÜNYA
Qırğızıstan tərəfi sərhəd münaqişəsində 163 nəfərin xəsarət aldığını bildirib
Bakı, 1 may, AZƏRTAC
Tacikistanla sərhəddə baş verən qarşıdurmada xəsarət alanların sayı 163-ə yüksəlib, 31 nəfər isə həlak olub.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan səhiyyə nazirinin müavini Eliza Soltonbekova bu barədə jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında məlumat verib.
“Batken vilayətində baş verən insident zamanı 163 nəfər xəsarət alıb, 31 nəfər həyatını itirib”, - deyə Eliza Soltonbekova bildirib.
Bu ərəfədə Qırğızıstanın Sərhəd Xidməti tacikistanlı hərbçilərin Arka kəndindəki yaşayış binalarını atəşə tutduqlarını iddia edib. Onların məlumatına görə, hazırda Tacikistanla sərhəddə vəziyyət gərgin olaraq qalır və respublikanın sərhədçi bölmələri müdafiə mövqelərini gücləndirir.
Qeyd edək ki, aprelin 29-da Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarında yerli əhali arasında başlayan münaqişə sərhədçilərin silahlı qarşıdurması ilə nəticələnib. Sərhədçilər arasında altı saatdan çox davam edən atışmada 40-a yaxın insan həlak olub, 200-dən çox insan yaralanıb. Həmin gün axşam saatlarında Bişkek və Düşənbə arasında atəşkəs barədə razılığın əldə olunmasına baxmayaraq, növbəti gün atışmalar yenidən bərpa olunub. Aprelin 30-da tərəflər yekun atəşkəsə nail olduqları barədə məlumat yayıblar.