CƏMİYYƏT
Qırğızıstanın “Altın körpü” jurnalının son nömrəsi Vətən müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunub
Bişkek, 18 yanvar, AZƏRTAC
Qırğızıstanda türk və rus dillərində nəşr edilən “Altın körpü” jurnalının son nömrəsi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Qələbəsinə və Azərbaycan-Türkiyə dostluğuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, jurnalın giriş məqaləsi “Türkel” media qrupunun rəhbəri Hökumə Xəlilova və Ramiz Məşədihəsənli tərəfindən yazılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın işğalından azad olunmuş torpaqlarımıza səfərləri, dövlətimizin başçısının çıxışları jurnalda əks olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopun, xarici işlər naziri Mövlud Çavuşoğlunun, milli müdafiə naziri Hulusi Akarın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Pakistanın Baş naziri İmran Xanın, TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun, Türk Şurasının Baş katibi Bağdad Amreyevin və digərlərinin İkinci Qarabağ müharibəsi ilə bağlı fikirləri də jurnalda yer alıb. Bundan başqa, ötən il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradı, Azərbaycan və Türkiyə prezidentlərinin paraddakı çıxışları verilib.
Jurnalda, həmçinin AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı” adlı məqaləsi də türk və rus dillərində dərc olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek