QAN YADDAŞI
Qırğızıstanın xəbər portalları 20 Yanvar faciəsi ilə bağlı məlumatlar yayıb
Bişkek, 19 yanvar, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə “Kabar” Milli İnformasiya agentliyi və ca-news portalı 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan məlumatlar yayıb. Məlumatlarda 20 Yanvar faciəsini əks etdirən fotoşəkillər də yer alıb.
Yazılarda bildirilir ki, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun iri kontingenti Bakıya yeridilib. Əməliyyat zamanı qocalara, qadınlara, uşaqlara qarşı qəddarlıq və görünməmiş vəhşiliklər törədilib, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
Qeyd olunub ki, o zaman Moskvada yaşayan ulu öndər Heydər Əliyev yanvarın 20-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib, mətbuat konfransı keçirib, sovet qoşunlarının Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyib.
Heydər Əliyev bu cinayətlərə görə keçmiş SSRİ-nin rəhbərlərini ittiham edib, faciənin məsuliyyətini bilavasitə Mixail Qorbaçovun üzərinə qoyub.
Materiallarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek