DÜNYA
Qırğızıstanla TürkPA arasında əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub
Bişkek, 9 fevral, АZƏRTAC
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupovu qəbul edib.
AZƏRTAC Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinə istinadla xəbər verir ki, görüşdə tərəflər arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Qırğızıstan Prezidenti Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və bildirib ki, türkdilli dövlətlər arasında parlamentlərarası əməkdaşlıq və çoxtərəfli münasibətlər daha da inkişaf edərək yüksək səviyyəyə çatıb.
Baş katib rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında söhbət açıb, türkdilli dövlətlər arasında əlaqələrin yüksək dinamika ilə inkişaf etdiyini, parlamentlərarası əlaqələr sahəsində aktiv iş aparıldığını vurğulayıb.
Deyilib ki, TürkPA-nın iqtisadi, beynəlxalq, sosial-humanitar və ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar komissiyaları əlaqələrin daha da inkişafı istiqamətində böyük iş aparırlar və birgə fəaliyyət öz bəhrəsini verir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek