İDMAN


Qış idman növləri üzrə Paralimpiya millimiz Dubayda təlim-məşq toplanışında iştirak edəcək

Bakı, 29 oktyabr, AZƏRTAC

Milli Paralimpiya Komitəsində (MPK) qurumun prezidenti İlqar Rəhimov qış idman növləri üzrə Paralimpiya millisinin baş məşqçisi və idmançılarla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə komitənin rəhbər işçiləri ilə yanaşı, Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndəsi Afaq Zeynalova da iştirak ediblər.

Müzakirələr zamanı qeyd olunub ki, qış Paralimpiya idman növləri üzrə millinin yaradılması məqsədi ilə MPK tərəfindən müvafiq qərar qəbul edilib. Bu məqsədlə komitə tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinin müvafiq qurumları, Azərbaycan Qış İdman Növləri Federasiyası, “Şahdağ” Turizm Mərkəzi QSC və digər uyğun təşkilatlarla danışıqlar aparılıb. Həmin təşkilatlarla qış idman növlərinin və idmançıların seçilməsi, onların tibbi təsnifatdan keçirilməsi, baş məşqçinin və məşqçilərin təyin edilməsi, onlar üçün təlim-məşq yerlərinin müəyyən edilməsi, avadanlığın alınması və digər uyğun sahələr geniş müzakirə edilib. Nəticə olaraq İlqar Rəhimovun müvafiq əmri ilə “Şahdağ” Turizm Mərkəzinin dağ xizəyi və snoubord idman növləri üzrə təlimatçısı Məhəmməd İsmayılov milli komandaya baş məşqçi vəzifəsinə təyin edilib. Bundan əlavə 2 qış idman növü seçilib. Hazırda digər idman növləri ilə məşğul olan 4 atlet ( 2 qız, 2 oğlan ) seçilərək bu idman növlərinə cəlb edilib.

Beynəlxalq Paralimpiya Komitəsinin, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə millimiz oktyabrın 31-də ilk təlim-məşq toplanışı üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək. Yığmamız noyabrın 1-13-də “SKİ Dubai” kompleksində hazırlıq keçəcək.

Görüşün sonunda İ.Rəhimov idmançılara uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.