İQTİSADİYYAT
Qısa müddətdə Azərbaycanda 50-yə yaxın yeni istehsal sahəsi yaradılıb
Bakı, 4 yanvar, AZƏRTAC
Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və karbamid zavodunun inşası, Qaradağda sement zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır.
Bu fikir Prezident İlham Əliyevin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqramda qeyd edilir ki, ölkədə qeyri-neft sənayesinin əsas halqalarını formalaşdıran maşınqayırma, avadanlıq istehsalı, cihazqayırma və tikinti materiallarının istehsalı sahələrində yeni rəqabətqabiliyyətli müəssisələr yaradılıb, o cümlədən Gəncədə traktor və kənd təsərrüfatı texnikası, Naxçıvanda avtomobil, Mingəçevirdə elektron avadanlıqlar, Sumqayıtda günəş panellər, Qaradağda metal konstruksiyalar, Hacıqabulda seramik plitələr istehsalı müəssisələri qurulub. Bununla yanaşı, son illərdə güclü müdafiə sənayesinin qurulması istiqamətində mühüm layihələr icra olunub, qısa müddətdə bu sahədə 50-yə yaxın yeni istehsal sahəsi yaradılıb. Müdafiə sənayesi müəssisələri tərəfindən hərbi təyinatlı məhsullarla yanaşı, mülki məmulatların da istehsalı təşkil olunub ki, onların həcmi son illərdə 2 dəfə artıb.