REGİONLAR
Qısa müddətdə gəlir qazandırması insanların baramaçılığa marağını artırır – Astaradan reportaj VİDEO
Astara, 20 may, İsmayıl Cəfərli, AZƏRTAC
Astarada baramaçılıqla məşğul olmaq istəyən 10 kümçüyə 50 qutu ipəkqurdu toxumu paylanılıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılıq Astara rayonunda da inkişaf etdirilir. Rayonda əsasən çəltikçilik sahəsində böyük uğurlar əldə edən fermer Araz Rzayev artıq ikinci ildir ki, şəxsi təsərrüfatında ipəkqurdu saxlayır. Fermer bildirir ki, əgər rayonda tut ağacları çox olarsa, bu sahənin əvvəlki şöhrətini bərpa etmək mümkündür: “Ötən il məhsulumuz çox oldu, 120 kiloqram barama təhvil verdik. Bu ildə dövlət tərəfindən bizə 5 qutu ipəkqurdu verilib. Çalışırıq ki, onların yemlənməsi ilə bağlı problem olmasın. İki il bundan əvvəl Çindən gətirilən tut tinglərindən mən də öz bağımda əkmişəm. Əkdiyimiz 500 tut ağacı hələ kiçikdir, ona görə də kənardan tut yarpaqları gətirib qurdları yemləyirik”.
Kümçülər ipəkqurdunu gün ərzində dörd dəfə yemləyirlər. Yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən tut tinglərindən Astara rayonuna 2016-cı ildən bu günə kimi müxtəlif yaşayış yerləri üzrə 23 min tut tingi verilib. Bu tinglər kümçülərə paylanaraq, 11 inzibati ərazi dairəsi üzrə əkilib. Bununla yanaşı, kəndlərdə və dövlət meşə fondunda olan tut ağaclarının yarpaqlarından da yem kimi istifadə olunur.
Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ramazan Səfərov kümçülərin bu sahəyə olan marağının onları sevindirdiyini deyir: “Rayonumuza bu il 50 qutu barama verilib. Həmin 50 qutu barama 10 kümçümüz arasında bölüşdürülüb. Bu qurdların saxlanılması üçün kümçülər tərəfindən kümxanalar qurulub. Qısa müddətdə gəlir qazana bilmələri insanların bu sahəyə marağını artırır. Biz də istəyirik ki, baramaçılıq Astarada daha da inkişaf etsin”.
Qeyd edək ki, Astara rayonunda bu il 50 qutu ipəkqurdu toxumundan 2 ton barama istehsalı nəzərdə tutulub. Tədarük olunan barama emal və ipək istehsalı müəssisələrinə təhvil veriləcək.