CƏMİYYƏT
Qısqanclıq zəminində arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də saat 15 radələrində Sabirabad rayonunun Qəzli kəndi ərazisində 1976-cı il təvəllüdlü Mətanət Nuriyevanın bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin əri 1939-cu il təvəllüdlü Yaqub Eyyubovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Mətanət Nuriyevaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Yaqub Eyyubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.