İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi KİV nümayəndələri üçün “Açıq qapı günü” təşkil etmişdir
Bakı, 28 noyabr, (AZƏRTAC). Noyabrın 28-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) kütləvi informasiya vasitələri nümayəndələri üçün növbəti “Açıq qapı günü” təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, QKDK Aparatının rəhbəri Bəxtiyar Əzizov tədbirin ictimaiyyət və KİV nümayəndələrinin komitənin struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmasına imkanı yaratmaq məqsədi ilə təşkil olunduğunu bildirmişdir.
QKDK-nın lisenziyalaşdırma və nəzarət şöbəsinin müdiri vəzifələrini icra edən Fərid Rəhimli təqdimatla çıxış edərək struktur bölmələrinin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir. KİV nümayəndələri qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üzrə lisenziyaların verilməsi, attestasiyanın təşkil olunması, habelə peşəkar fəaliyyəti həyata keçirən təşkilatlardan, investisiya fondlarından, lotereya təşkilatlarından hesabatların qəbul edilməsi, təhlili və yerində yoxlamalar aparılması ilə bağlı prosedurlar barədə məlumatlandırılmışdır.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.