İQTİSADİYYAT
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əlaqələndirmə qrupunun növbəti iclası keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) əlaqədar dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icra statusuna dair əlaqələndirmə qrupunun növbəti iclası keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, iclasda QKDK-nın sədr müavini, əlaqələndirmə qrupunun rəhbəri İlqar Muradov Dövlət Proqramının əsas istiqamətləri və prioritetləri barəsində ətraflı məlumat vermişdir. Sədr müavini 2013-cü ildə görülmüş işləri, ölkənin qiymətli kağızlar bazarının dinamik inkişafında yeni imkanların yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. İ.Muradov Dövlət Proqramına uyğun olaraq gələcəkdə qiymətli kağızlar bazarında institusional inkişaf səviyyəsinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin sistemli şəkildə davam etdiriləcəyini bildirmişdir.
Sonra iclasda ötən il Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş, eləcə də cari il üçün nəzərdə tutulmuş tədbirlərin icra mexanizmləri ətraflı müzakirə edilmişdir.