İDMAN
“Qızıl Qran-pri” Beynəlxalq turnirinə hazırlaşan Azərbaycan güləşçiləri Xaçmazda təlim-məşq toplanışdadırlar VİDEO
Xaçmaz, 16 iyul (AZƏRTAC, Elxan Yusifli). Azərbaycanın sərbəst güləş üzrə böyüklərdən və gənclərdən ibarət yığma komandaları Xaçmaz Olimpiya İdman Kompleksində birgə təlim-məşq toplanışı keçirlər.
AZƏRTAC xəbər verir ki, idmançılarımız iyulun 25-dən 27-dək Bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-pri” Beynəlxalq turnirinin final mərhələsinə hazırlaşırlar.
Böyüklərdən ibarət komandaya baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında 18 güləşçi cəlb olunub.
Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edən gənclərdən ibarət yığmanın heyətində isə 15 güləşçi yer alıb.
Bundan əlavə, Bolqarıstan yığmasının üzvləri Leonid Bazan (74 kq) və dünya çempionu Mixail Qanev (97 kq), Belarus yığmasının üzvləri - Olimpiya mükafatçısı Murad Qaydarov (86 kq) və dünya çempionu Aleksey Şemarov (125 kq), həmçinin Rumıniya güləşçisi Stefan Georgita (86 kq) da Xaçmazda yığma komandamızla birgə təlim-məşq toplanışında iştirak edirlər.
Böyüklərdən ibarət komandamızın böyük məşqçisi Firdovsi Umudov mötəbər turnir ərəfəsində keçirilən təlim məşq toplanışının yarışda yüksək əyarlı medallar qazanılması üçün vacib olduğunu qeyd edib. O bildirib ki, məşqlərin bölgələrdə keçirilməsi buradakı əla şəraitlə yanaşı, həm də region idmançılarının stimullaşdırılması, onlarda güləşə marağın oyadılması baxımından əhəmiyyətlidir.
İyulun 6-dan etibarən başlayan təlim-məşq toplanışı bu ayın 20-dək davam edəcək.