REGİONLAR
Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur
Lənkəran, 21 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Şəhər Təhsil Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə” mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim məşğələsində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Yusif Xamiyev, şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, erkən nikah yaşı 18-dən az olan gənclərin nikaha daxil olması sayılır. Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən qurulan ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Diqqətə çatdırılıb ki, erkən nikahlar zamanı fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Erkən nikahlar ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və cəmiyyətə mənfi təsir göstərir.
Çıxışlarda, həmçinin vurğulanıb ki, erkən nikaha daxil olaraq zorakılığa məruz qalmış qızlara sosial-psixoloji reabilitasiya yardımı göstərilməli, erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında məktəblərdə vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.
Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.