REGİONLAR
Qobustan-Poladlı avtomobil yolu yenidən qurulub
Bakı, 11 mart, AZƏRTAC
Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qobustan-Poladlı avtomobil yolunun uzunluğu 14,5 kilometr olmaqla 4-cü texniki dərəcəlidir. Yenidənqurma işləri çərçivəsində 49 min kubmetr həcmində çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub. Bu işlərin ardınca 154 min kvadratmetr sahədə yol əsasının tikintisi aparılıb.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 kilometr göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılıb.
Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edib, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan yaradıb.
Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.