REGİONLAR
Qobustan: bu ilin məhsulu üçün 26 min 448 hektar sahədə əkin aparılıb
Qobustan, 18 aprel, AZƏRTAC
Qobustan rayonunda iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı, o cümlədən taxılçılıq və heyvandarlıq təşkil edir. Bu ilin məhsulu üçün 26 min 448 hektar sahədə əkin aparılıb. Bunun 16 min 192 hektarı buğda, 9557 hektarı arpa, 699 hektarı isə yazlıq bitkilərdir. Bu günlər əkinçilər yaz qayğılarını yaşayırlar. Bu il rayonun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqroparkın yaradılması nəzərdə tutulub. Hazırda bununla bağlı sənədləşdirmə işləri aparılır.
İqtisadiyyatın aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr uğurludur. Qaramalın azı 50 faizinin süni mayalandırılması qarşıda mühüm vəzifə kimi durur. İlin ilk üç ayında bu sahədə də xeyli iş görülüb.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə aprelin 17-də Qobustanda keçirilən cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında ətraflı məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun hesabat məruzəsində, eləcə də müzakirələrdə bildirilib ki, birinci rübdə tikinti-quruculuq, abadlıq işləri sahəsində də nəticələr qənaətbəxşdir. Artıq Qobustan şəhərində “Kapitalbank”ın filialı üçün inzibati binanın, Cəmcəmli kəndində tibb məntəqəsinin tikintisi başa çatıb, yaxın vaxtlarda istifadəyə veriləcək. Rayon mərkəzində daxili imkanlar hesabına inşa olunan ikimərtəbəli 100 yerlik uşaq bağçası-körpələr evinin də tikintisi yekunlaşıb. Habelə Qobustan şəhərində 624 şagird yerlik üçmərtəbəli məktəb binasının, 50 çarpayılıq xəstəxananın tikintisi davam edir, 12 ictimai binanın təmirinə başlanılıb.
Əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatının yaxşılaşdırılması, yolların təmiri istiqamətində də işlər uğurla aparılır. Qeyd olunub ki, artıq əhalinin təbii qazla təminatı 93 faizə çatıb, bir sıra kəndlərdə elektrik xətləri və dirəkləri dəyişdirilib.
Məruzə və çıxışlarda bölgənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.