REGİONLAR
Qobustan heyvandarları ilin səkkiz ayını uğurlu nəticələrlə başa vurublar
Qobustan, 4 sentyabr, AZƏRTAC
Qobustan rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir. Koronavirus pandemiyası təhlükəsinə qarşı tətbiq olunan karantin rejimi şəraitində heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər cari ilin səkkiz ayında əsas göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə uğurlu nəticələrə nail olublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Qobustanda 27 min 525 baş iribuynuzlu, 181 min 270 baş davar və 142 min 699 quş bəslənilir. Ötən səkkiz ayda bölgədə diri çəkidə 4045,6 ton ət istehsal olunub və məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 50,2 ton artıb. Səkkiz ayda süd və yumurta istehsalında da nəticələr uğurludur. Belə ki, süd istehsalı 117,4 ton artıb və 12 min 10,4 ton olub. Yumurta istehsalı isə 494 min ədəd çoxalaraq 5 milyon 926 min ədədə çatıb.