MƏDƏNİYYƏT
Qobustan qoruğunun 50 illiyi dövlət səviyyəsində qeyd olunacaq
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 13-də Bakıda Qobustan Milli Tarixi Bədii Qoruğunun yaradılmasının 50 illiyinə və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Konfrans Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə reallaşacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək konfransda dünyanın tanınmış arxeoloqlarının iştirakı nəzərdə tutulur.
“Səadət Sarayı”nda baş tutacaq konfransda, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəstəyi ilə qoruğun əməkdaşları tərəfindən aparılan tədqiqatlarla bağlı “Qobustan. Yeni baxış” adlı layihənin təqdimatı da olacaq.
Belə ki, layihəyə əsasında ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub ki, bu da öz növbəsində Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır.
Konfransa iyunun 14-də Qobustan Milli Tarixi Bədii Qoruğunda təşkil ediləcək tədbirlə yekun vurulacaq.
Qeyd edək ki, sahəsi 3 min 96 hektar olan Qobustan Milli Tarixi Bədii Qoruq İdarəsi 1966-cı ildə yaradılıb.