REGİONLAR
Qobustanda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
Qobustan, 14 fevral, AZƏRTAC
Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbində Vətən müharibəsi şəhidi Rauf İlyas oğlu Əliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Qobustan Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının məsul işçiləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qobustan rayonu üzrə nümayəndəsi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və qısa vaxtda tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Silahlı Qüvvələrimizin rəşadətindən, Rauf kimi şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, onların xatirəsinin heç vaxt unudulmayacağı qeyd olunub.
Mərasimdə şəhid Rauf Əliyevin qısa, şərəfli həyat yoluna nəzər salınıb. Bildirilib ki, o, 1993-cü ilin fevralında Şamaxı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə Şamaxı şəhər İ. Nəsimi adına 1 saylı musiqi məktəbində tar ixtisası üzrə tam kursu bitirib. Həmin il Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecində “Tar” ixtisasına yiyələnib. 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılan Rauf nümunəvi xidmətinə görə manqa komandiri, sonra kəşfiyyatçı-koordinator olub. Çavuş Rauf Əliyev 2013-cü ildə erməni işğalçılarının törətdiyi təxribat nəticəsində ayağından və kürəyindən yaralanıb. 2014-cü ilin aprelində xidməti fərqlənmə ilə başa vuraraq tərxis edilib.
Rauf Əliyev 2015-ci ildən Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbində tar ixtisası üzrə müəllim kimi fəaliyyətə başlayıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə gedən Rauf Əliyev igid döyüşçü kimi düşmənə qarşı vuruşub və qəhrəmancasına şəhid olub. O, 2020-ci il oktyabrın 1-də Şamaxıdakı Şəhidlər xiyabanında dəfn olunub.
Mərasimdən sonra iştirakçılar Şamaxıdakı Şəhidlər xiyabanına gələrək Rauf Əliyevin məzarını ziyarət ediblər.