REGİONLAR
Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla yad edilib
Qobustan, 28 oktyabr, AZƏRTAC
Qobustan rayonunun Bədəlli kəndində Vətən müharibəsi şəhidi Fədail Nadirovun vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Rayon rəhbərliyinin, şəhid ailələrinin, kənd sakinlərinin, şəhidin yaxınlarının iştirak etdikləri mərasim Fədailin uyuduğu kənd qəbiristanlığında, məzarı yanında olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə şəhidin məzarı üstünə çiçəklər düzülüb, xatirəsi ehtiramla yad edilib, ruhuna dua oxunub. Mərasimdə şəhid Fədail Nadirovun qısa, lakin şərəfli həyat yolundan söz açılıb, 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı erməni ordusu üzərindəki tarixi qələbəsindən danışılıb. Vurğulanıb ki, şəhidlik zirvəsinə ucalan Fədail və onun kimi şəhidlərimizin xatirələri hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Qeyd edək ki, Fədail Fərhad oğlu Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində dünyaya gəlib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da döyüşlərə qatılıb, igidliklə vuruşub. Oktyabrın 26-da Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.