REGİONLAR
Qobustanda “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda tədbir təşkil edilib
Qobustan, 9 oktyabr, AZƏRTAC
Qobustanda rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda tədbir keçirilib. Tədbirdə müəllimlər, yuxarı sinfin şagirdləri, qazilər, gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, rayon Təhsil şöbəsinin müdiri Tahir Səbzaliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi rəisinin müavini kapitan Samir Əzizov, gənclər və idman idarəsinin rəis müavini Vüqar Mürsəlov çıxış ediblər. Çıxışlarda ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərimizin döyüş bacarığından, xalq-ordu birliyindən danışılıb. Vurğulanıb ki, məhz bu bacarıq, bu birlik tarixi qələbəni təmin edib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə işğalçı erməni ordusu diz çökdürülüb. Əlbəttə, bu qələbə neçə-necə əsgər və zabitimizin qanı bahasına, qazilərimizin fədakarlığı bahasına başa gəlib. Həmin gənclər indiki və gələcək nəsillər üçün bir örnək, bir nümunədir. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi bu gün hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib.
Çıxışlarda vurğulanıb ki, müstəqil dövlətimizin hər bir vətəndaşı, hər bir gənc, ilk növbədə bu dövlətin müstəqilliyinin, torpaqlarımızın bütövlüyünün qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də onun vətəndaşlarıdır, sabahımız olan gənclərdir. Vətən uğrunda qəhrəmancasına həlak olmuş neçə-neçə oğul və qızlarımız var. Odur ki, vətənini sevən hər bir gənc vətən üçün canını, qanını fəda etməyə hazır olmalıdır. Axı Vətən bizim ən müqəddəs yerimiz, səcdəgahımızdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.