REGİONLAR
Qobustanda kənd təsərrüfatı məhsullarının istehsalı 35,6 faiz artıb
Qobustan, 18 oktyabr, AZƏRTAC
Qobustanda ötən doqquz ayda ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 104 milyon 586,6 min manata çatıb. O cümlədən kənd təsərrüfatı məhsullarının ümumi həcmi 35,6 faiz, sənaye məhsullarının həcmi 8,7 faiz, tikinti və xidmətlər isə 2,1 dəfə artıb. Doqquz ayda 497-si daimi olmaqla, 2404 yeni iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bütün bunlar barədə Qobustanda cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda ətraflı danışılıb.
Yığıncaqda bildirilib ki, Prezident İlham Əliyevin bu il oktyabrın 2-də Qobustana səfəri çərçivəsində 100 yerlik uşaq bağçası, Təklə-Sündü-Xilmilli yolu, dörd zolağa genişləndirilən Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsi istifadəyə verilib. Həmçinin dövlətimizin başçısı Qobustan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb. Səfərdən sonra Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3 milyon manat vəsaitin ayrılması üçün Sərəncam imzalanıb. Bütün bunlar isə dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına, insanların həyat səviyyəsinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun məruzəsində, eləcə də çıxışlarda aqrar bölgə olan Qobustanda kənd təsərrüfatının ənənəvi sahələrinin dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, cari mövsümdə 53 min 280 ton taxıl istehsal edilib, hər hektarın məhsuldarlığı 21 sentnerdən çox olub. İndi gələn ilin məhsulu üçün taxıl səpini davam edir. Hələlik 6 min 424 hektar sahədə buğda, 1755 hektar sahədə isə arpa səpilib.
Hesabat dövründə ət istehsalı 2,1 faiz, süd 2,2 faiz, yumurta 2,4 faiz, yun istehsalı isə 1,4 faiz artıb. Son illər rayonda arıçılıq da sürətlə inkişaf edir. Arı ailələrinin sayı 1214-də çatıb. Bu mövsümdə 12 tondan çox bal istehsal edilib. Bakıda keçirilən yarmarkaya isə 4 tondan çox bal çıxarılıb.
Qeyd olunub ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar Qobustanda da öz uğurlu nəticələrini verir. Əkin sahələrinin, eləcə də yaşayış məntəqələrinin su təchizatı istiqamətində lazımi tədbirlər görülür. Dövlətimizin başçısının Sərəncamına əsasən ayrılan vəsait hesabına Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xilmilli və Təklə Mirzəbaba kəndlərinin hər birində subartezian quyusu qazılıb, hər iki quyu yaxın vaxtlarda istifadəyə veriləcək. Ərəbşalbaş və Bədəlli kəndlərində də bu cür quyuların qazılması nəzərdə tutulub.
Rayonun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılması istiqamətində işlər davam etdirilir. Aqropark bölgədə aqrar sektorun inkişafına böyük töhfələr verəcək.
Yığıncaqda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı üçün həyata keçirilən tədbirlər, habelə qarşıda duran təxirəsalınmaz işlər barədə də ətraflı müzakirələr aparılıb.