REGİONLAR
Qobustanın Sədəfli kəndində şəhidin barelyefi açılıb
Qobustan, 19 oktyabr, AZƏRTAC
Qobustan rayonunun Sədəfli kəndində Azərbaycan Ordusunun giziri olan Vətən müharibəsi şəhidi Elyar Arif oğlu Vəliyevin barelyefi açılıb. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısi Adil Məmmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qobustan rayon bölməsinin rəisi İxtiyar Əhmədov, şəhidin yaxınları, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları öncə şəhid Elyar Vəliyevin uyuduğu kənd qəbiristanlığında məzarını ziyarət edib, üzərinə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. Barelyefin açılışındakı çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də başlanan və qırx dörd gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində Elyar və onun kimi şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, erməni işğalçılarının diz çökdürülərək torpaqlarımızdan qovulduqları, şəhidlərin qanının yerdə qalmadığı vurğulanıb.
Açılış mərasimində qonaqlar şəhidin valideynləri ilə görüşüb, qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustanın Sədəfli kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Füzulinin, Cəbrayılın, Xocavəndin, Qubadlının azad edilməsində qəhrəmancasına vuruşub. Oktyabrın 19-da Laçında qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra şəhid Elyar Vəliyevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Habelə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.