DÜNYA


Qonşu ölkələrin sakinləri Macarıstanda daşınmaz əmlak alırlar

Qonşu ölkələrin sakinləri Macarıstanda daşınmaz əmlak alırlar

Budapeşt, 1 aprel, AZƏRTAC

Macarıstan paytaxtında daşınmaz əmlakın qiymətləri hələ də çox yüksəkdir, lakin bununla yanaşı, əyalətlərdə evlər əvvəlki kimi əlçatan qiymətə satışa çıxarılır. Bundan istifadə edən qonşu ölkələrin vətəndaşları Macarıstanın sərhədyanı rayonlarında ev alırlar.

AZƏRTAC xəbər verir ki, qonşu ölkələrin sakinlərinin bu məsələyə böyük marağı təəccüblü deyil. Adi insan üçün Sloveniya, Avstriya, Xorvatiya və Rumıniyada sanballı kredit olmadan ev almaq çətindir. Digər tərəfdən şərqi, mərkəzi və hətta qərbi Macarıstanda evlər satışa yaxşı vəziyyətdə çıxarılır, onların qiymətləri isə qonşu dövlətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Macarıstanlı daşınmaz əmlak sahibləri əksər hallarda şərq regionunda yerləşən evlərini satmağı üstün tuturlar. Çünki orada yaxşı iş tapmaq çətindir və macarlar öz əvvəlki evlərini tərk edərək böyük şəhərlərə üz tuturlar.

Bu, məsələn, rumınlar üçün sərfəlidir. Onlar macar-rumın sərhədi yaxınlığında yerləşən Macarıstan yaşayış yerlərindən Rumıniyaya daha tez çata bilərlər. Gündəlik səfərlər rumınlar üçün problem yaratmır. Eyni vəziyyət Avstriya, Sloveniya və Xorvatiyaya da aiddir. Macarıstanın bəzi sərhədyanı şəhərlərində artıq Avstriya, Xorvatiya, Sloveniya və Rumıniya icmaları, hətta məktəblər, uşaq bağçaları və mədəniyyət evləri yaradılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.