SİYASƏT
“Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası” mövzusunda beynəlxalq vebinar keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası” mövzusunda beynəlxalq vebinar keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vebinarın moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş Qoşulma Hərəkatının videokonfrans formatında keçirilən sammitini xatırladıb. Bildirib ki, bu tədbir təşkilat tarixində vacib hadisə olmaqla yanaşı, onun güclənməsinə və koronavirus böhranına adekvat reaksiya verməsinə şərait yaradıb. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına diqqət çəkən Fərid Şəfiyev bu təşəbbüsün də Qoşulmama Hərəkatının fəaliyyətində xüsusi önəm daşıdığını və hərəkatın qlobal rolunun güclənməsinə töhfə verdiyini bildirib.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Direktoru Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır. Hərəkatın qüvvətlənməsi üçün müxtəlif təkliflər səsləndirən Teymur Əkrəm Qoşulmama Hərəkatının mediaforumunun və İqtisadiyyat nazirlərinin görüşünün keçirilməsinin üzv dövlətlər üçün faydalı olacağına inamını ifadə edib.
BMTM-in baş məsləhətçisi Vasif Hüseynov çıxışında bildirib ki, Qoşulmama Hərəkatının üzvləri təşkilatın 2019-2022-ci illərdə sədri olan Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə üçün təqdim etdiyi təşəbbüsləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu təşəbbüslər içərisində BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təklifi xüsusi qeyd edilməlidir. Yalnız Ermənistanın qarşı çıxdığı bu təşəbbüsə 130-dan çox dövlət dəstək göstərib.
Pandemiyanın dövlətlər arasındakı münaqişələrə təsirindən danışan V.Hüseynov diqqəti iyul ayında Ermənistan–Azərbaycan sərhədində yaşanan hadisələrə çəkərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərindən birinin ölkənin daxilində böhranlı vəziyyətin olduğunu qeyd edib. Onun sözlərinə görə, bu təxribatla Ermənistanın hakim dairələri diqqəti başqa problemlərdən yayındırmaq və beləliklə, ölkədəki iqtisadi çətinliklərin qarşısıalınmaz siyasi böhrana gətirib çıxarmasına mane olmaq məqsədi güdüblər.
Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Jauhen Zadrucki deyib ki, koronavirus pandemiyasının beynəlxalq ticarət əlaqələrinə, investisiyalara və digər sahələrə zərər verməsinə imkan verilməməlidir. O bildirib ki, ölkəsi Qoşulma Hərəkatının bu istiqamətdə fəaliyyətini və təşkilatın sədri kimi Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirir.
J.Zadrucki onu da qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində bu il təşkil olunmuş videokonfrans formatında sammit, daha sonra üzv ölkələrin Səhiyyə nazirlərinin görüşü ümumilikdə təşkilatın fəallığını göstərib və ona beynəlxalq marağı artırıb.
Vebinar sual-cavab sessiyası ilə davam edib.