CƏMİYYƏT
Qoşulmama Hərəkatına üzv ölkələrin Qeyri-Hökumət təşkilatlarının virtual əməkdaşlıq şəbəkəsi qurulacaq
Bakı, 4 avqust, AZƏRTAC
“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni beynəlxalq layihənin icrasına başlayıb.
ADTGT-dən AZƏRTAC-a bildiriblər ki, üç ay müddətində reallaşdırılacaq “Qoşulmama Hərəkatına üzv ölkələrin QHT rəhbərlərinin onlayn görüş, müzakirə və videokonfransının təşkili və virtual əməkdaşlıq şəbəkəsinin qurulması” adlı beynəlxalq layihə iyirmidən çox ölkənin fəal vətəndaş cəmiyyəti institutlarını əhatə edəcək. Pandemiya şəraitində onlayn qaydada icra olunacaq layihə çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nüfuzlu QHT rəhbərlərinin quruma sədrlik edən Azərbaycanın müxtəlif hökumət strukturları və QHT platformaları ilə virtual tanışlıq görüşləri təşkil ediləcək. Həmçinin ölkəmizdə vətəndaş cəmiyyəti və onun təsisatlarının fəaliyyəti haqqında müzakirə aparılacaq.
Layihə çərçivəsində Qoşulmama Hərəkatına üzv ölkələrin QHT rəhbərlərinin, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, hökumət strukturlarının təmsilçilərinin, ekspert və media nümayəndələrinin iştirakı ilə “Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin əməkdaşlıq imkanları” mövzusunda onlayn beynəlxalq videokonfrans təşkil olunacaq.
Onlayn beynəlxalq tədbirin iştirakçılarının adından Bakı Bəyannaməsi qəbul olunacaq, Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin virtual əməkdaşlıq şəbəkəsinin əsası qoyulacaq. Əməkdaşlıq şəbəkəsi Azərbaycanın sədrliyi dövründə 2021-ci ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin birinci forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.
Layihə çərçivəsində ADTGT Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-lərinin diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə, eləcə də ölkəmizin ədalətli mövqeyinin müdafiəsi istiqamətində beynəlxalq ictimai dəstək kampaniyasına yönəldiləcək.
ADTGT Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələrin QHT-lərinin ölkəmizin haqlı mövqeyinin təbliğində iştirak etməsinə çalışacaq. Layihənin yekununda Qoşulmama Hərəkatına üzv ölkələrdə QHT-lər, onların vəziyyəti, rolu və fəaliyyətinə dair ingilis dilində kitabın çap olunması və iştirakçı ölkələrə göndərilməsi nəzərdə tutulur.