REGİONLAR
Qoyunçuluqda damazlıq işinin təşkili ilə bağlı layihəyə start verilib
Bərdə, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayon Dövlət Aqrar İnkişaf Mərkəzində qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili layihəsi çərçivəsində “Qoyunlarda süni mayalanma və süngərləmə üsulu ilə bala alınma” təlimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının, Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçarın iştirak etdiyi təlimdə fermerlərə qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili, süni mayalanma və süngərləmə üsulu ilə bala alma və onun əhəmiyyəti barədə geniş məlumat verilib.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev respublikamızda heyvandarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qoyunçuluqda damazlıq işinin təşkili ilə bağlı layihəyə başlanılıb. Layihənin əsas məqsədi qoyunçuluğun intensiv inkişafı üçün süni mayalanmanı tətbiq və təbliğ etmək, qoyunların məhsuldarlığının yüksəldilməsinə nail olmaqdır.
Məlumat verilib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu respublikamızın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetinin əməkdaşları Yavuz Öztürklər, Cihan Kaçar və Aksaray Universitetinin əməkdaşı Tahir Karaşahin ekspert qismində bir il müddətində Azərbaycana ardıcıl səfərlər edəcəklər. Əməkdaşlıq çərçivəsində yerli fermerlər üçün təlim və seminarlar keçiriləcək, qoyunçuluqda süni mayalanmanın tətbiqi, süngərləmə üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili ilə bağlı maarifləndirmə işləri aparılacaq. Əməkdaşlıq çərçivəsində qoyun cinslərinin təmiz şəraitdə yetişdirilməsi, xarici ölkələrdən təmizqanlı cinslərin gətirilərək seleksiyaya cəlb olunması, yerli genofonddan istifadə edilərək yeni məhsuldar cinslərin əldə olunması, süni mayalandırılma, süngərləmə və digər mütərəqqi metodların iqtisadi səmərəsinin öyrənilməsi, müasir tipli qoyunçuluq sənaye kompleksinin tikilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, hazırda respublikada 13 cinsdə 8 milyon 600 min başa yaxın qoyun var. Lakin mövcud qoyun cinslərinin bəziləri itmək təhlükəsi ilə qarşısındadır. Layihə çərçivəsində həmin cinslərin bərpası və yeni cinslərin yaradılması hədəf götürülüb.
Tədbirdə Türkiyənin Qars Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçar təqdimatla çıxış edərək, qoyunçuluqda süni mayalanmanın tətbiqi, süngərləmə üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili barədə geniş məlumat verib, fermerləri maraqlandıran sualları cavablandırıblar.