CƏMİYYƏT
Qreq Turpi: Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram
Bakı, 18 avqust, Pərvanə Rəhimova AZƏRTAC
Bakıda keçirilən Dünya Skaut Konfransı skautinq tarixində ən genişmiqyaslı tədbirdir. Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram. Çox həyəcanlıyam. Gələcək üç il ərzində təşkilatın və skautların məsuliyyətini daşıyacağam, bunu fərəh hissi ilə deyirəm.
Dünya Skaut Komitəsinə yeni sədr seçilmiş britaniyalı Qreq Turpi təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərkən belə deyib.
Qreq Turpi Bakı konfransının işindən çox razı qaldığını, burada səmərəli müzakirələr aparıldığını, vacib qərarlar qəbul edildiyini söyləyib. “Bu, çox maraqlı səyahət oldu. Dünyanın müxtəlif ölkələrindən gəlmiş skautlar yeni dostlar qazandılar, qiymətli təcrübə əldə etdilər. Burada çox önəmli qərarlar qəbul olundu. İnanıram ki, bu konfrans Dünya Skaut Hərəkatının inkişafına böyük töhfə verəcək. Azərbaycan Skaut Assosiasiyasının işini isə xüsusi vurğulamaq istəyirəm”, - deyə yeni sədr bildirib.
Qreq Turpi deyib ki, axşam saatlarında Bakı bulvarında bir neçə dəfə yürüş edib, paytaxtın gecə görüntüsü onda xüsusi olaraq təəssürat yaradıb. “Bakı çox səliqəli, abad və gözəl şəhərdir. Buranı çox bəyəndim. Azərbaycanda skautinqin inkişaf edib sıralarını daha da genişləndirəcəyinə inanıram”, - deyə sədr vurğulayıb.