CƏMİYYƏT
Qreta Tunberq “Time” jurnalının versiyasına görə “İlin adamı” adlandırılıb
Vaşinqton, 12 dekabr, AZƏRTAC
Qreta Tunberq “Time” jurnalının versiyasına görə “İlin adamı” adlandırılıb.
AZƏRTAC xəbər verir ki, Tunberq populyar jurnalın bütün 92 illik tarixi ərzində bu ada layiq görülmüş ən gənc şəxsdir.
Jurnalın baş redaktoru Edvard Felsental deyib: “O, bu il planet qarşısında duran başlıca məsələdə dünya hərəkatına başçılıq etmək üçün qəfildən peyda olan ən əhəmiyyətli səs olub. O, fəal gəncliyin təcəssümüdür”.
On altı yaşlı isveçli fəal planetimizin iqlim dəyişmələrindən xilas edilməsi uğrunda mübarizədə əlamətdar şəxsə çevrilib. Ötən il o, cümə günləri İsveç parlamenti qarşısında öz etiraz aksiyalarını keçirməyə başlayıb və bu səylər ona gətirib çıxarıb ki, Qreta iqlim dəyişmələrinə qarşı mübarizədə dünyanın hər yerində milyonlarla insanın iştirakı ilə tələbələrin çoxsaylı aksiyalarının təşkilində aparıcı şəxsə çevrilib.
Tunberq sentyabr ayında BMT-nin İqlim Sammitinə təyyarə ilə uçmaq yerinə, İngiltərədən Nyu-Yorka günəş batareyaları ilə işləyən yelkənli yaxtada gəlib və bununla qeyd edib ki, təyyarələr atmosferə buraxılan parnik qazları tullantılarının əsas mənbələrindən biridir, gəmilər isə ətraf mühitə daha az ziyan vurur. O, ABŞ-da söylədiyi alovlu nitqi ilə də dünyanın diqqətini cəlb edib, iqlim dəyişmələrinə münasibətdə fəaliyyətsizliklərinə görə dünya liderlərini “yuxularının və uşaqlığının” oğurlanmasında ittiham edib.
Mart ayında Nobel mükafatına namizədliyi irəli sürülən Tunberq and içib ki, dünya liderləri gələcək nəsillərin rifahı naminə ətraf mühitin müdafiəsinə ciddi diqqət yetirməyənə qədər etiraz aksiyaları davam edəcək
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşqinton