İDMAN
Qrossmeyster Rauf Məmmədov ingiltərəli Maykl Adamsla sülh bağlayıb


Şəmkir, 21 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess-2015" turnirində 5-ci turun görüşləri davam edir.
AZƏRTAC xəbər verir ki, Şəmkirdə keçirilən yarışın 5-ci turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb. Məmmədov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib: "Ötən tur məğlub oldum. Məğlubiyyətdən sonra heç-heçə oynamaq yaxşıdır. Maykl Adams çox təcrübəli şahmatçıdır. Uşaqlıqdan onun pərəstişkarı olmuşam, partiyalarına dəfələrlə baxmışam. İstəyirdim, öz oyunumu diqtə edim, lakin alınmadı. İlk dəfə belə yüksək səviyyəli yarışda iştirak etmək mənim üçün çox çətindir. Qələbə qazanmaq asan olmur. Zəif rəqib olmadığı yarışda dünyanın ən güclüləri oynayır. İl ərzində belə yarışlarda bir-iki dəfə iştirak etsəm böyük təcrübə qazanaram".
İngiltərə şahmatçısı Maykl Adams nəticənin oyuna görə olduğunu söyləyib: "Görüş heç-heçəyə gedirdi. Maraqlı oyun oldu. Fərqli mübarizə sərgiləməyə çalışdım. Rauf sona qədər çalışsa da, dönüş yarada bilmədi.
İstirahət günündə yatmaq istəyirəm. Çox yorulmuşam. Futbol oynamaq barədə düşünmürəm".