REGİONLAR
Quba Soyqırımı Memorial Kompleksi, Cümə məscidi, Şeyx Cüneyd türbəsi hər bir şagirdin tanımalı olduğu yerlərdir
Quba, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC
Ekskursiya çərçivəsində gəzdiyimiz rayonların tarixi yerləri, təbiət mənzərələri, həm də yeni infrastruktur layihələri ilə tanış olmaq imkanı qazanırıq. Quba Soyqırımı Memorial Kompleksi, zəngin memarlıq üslubuna malik Cümə məscidi, Qusarın Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi hər bir şagirdin tanımalı olduğu yerlərdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Minayə Əliyeva söyləyib.
Ağdam rayonu Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbin şagirdi dağlıq ərazilərin çox xoşuna gəldiyini bildirib.
“Tur-aksiya bizə bölgələrimizlə yaxından tanış olmaq imkanı yaradır. Həmçinin ekskursiya zamanı yeni dostlar qazanmışam. Maraqlı məkanları gəzdikdən sonra axşamlar bir yerə toplaşıb intellektual oyunlar oynayırıq. Gəzdiyimiz yerlər haqqında təəssüratlarımızı bölüşməklə yanaşı, təhsil aldığımız məktəblər və dərslərimizlə bağlı da söhbətlər edirik”, - deyə məktəbli bildirib.