MƏDƏNİYYƏT
Quba Soyqırımı Memorial Kompleksi ərazisində qanunsuz tikinti işləri dayandırılıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Quba Soyqırımı Memorial Kompleksi ərazisində qanunsuz tikinti dayandırılıb. Quba rayonunda yerləşən Soyqırımı Memorial Kompleksi dünya əhəmiyyətli, dövlət tərəfindən qorunan abidə qoruğudur. Eyni zamanda, azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən ideoloji mərkəzdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
"Bir neçə gün öncə qoruğun mühafizə zonasında, muzey binası ilə üzbəüz istiqamətdə meşə zolağının üst hissəsində yerləşən ərazidə xəbərdarlığımıza baxmayaraq yaşayış evlərinin tikintisi başlanıb. Tikinti aparılan torpaq sahəsinə gedən yol da mövcud deyildir. Hazırda Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli elektrik xəttinin və internet kabelinin üzərindən qeyri-qanuni yol salınıb. Ağır yük maşınları Kompleksin işinə təhlükə yaratmaqda davam edir. Həmin ərazidə yaşayış evlərinin inşası Soyqırımı Memorial Kompleksinin fəaliyyətinə, onun ideoloji istiqamətinə, ərazinin görünüşünə xələl gətirir. Tərəfimizdən tikinti işlərinin dayandırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunub və Quba Rayon Polis Şöbəsi tərəfindən tikinti işləri dayandırılıb", - deyə Fariz Hüseynli bildirilib.