REGİONLAR
Quba məktəblisi: Lənkəranın gözəlliyi bizi heyran etdi
Lənkəran, 17 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəranın gözəlliyi bizi heyran etdi. İlk dəfədir cənub bölgəsində oluram. Belə bir gözəl imkan qazandığıma görə çox sevinirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Lənkərana səfər edən Quba şəhərindəki texniki təmayüllü liseyin X sinif şagirdi Nəzrin Fətəliyeva bildirib.
Qubalı məktəbli deyib: “İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu, mənim bölgəyə ilk səyahətim olmayacaq, gələcəkdə rəfiqələrimlə, ailə üzvlərimlə tez-tez bu yerlərə gələcəyəm. Tur-aksiya çərçivəsində zəngin təəssürat əldə etmişik. Lənkəranın tarixi yerləri, Hirkan Milli Parkı, sitrus bağları bizdə zəngin təəssürat doğurdu. 34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Həzi Aslanovun ev-muzeyi ilə tanışlıq da yaddaşımızda dərin izlər buraxdı. Ekskursiyadan qayıtdıqdan sonra bütün bunlar barədə yoldaşlarıma danışacam”.