REGİONLAR
Quba rayonunda 4 istiqamət üzrə avtomobil yolları salınır VİDEO
Bakı, 20 may, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba rayonunun Rustov kəndindən 27 kilometrlik yolun 4 istiqamətdə tikintisi aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 13 kilometr olacaq Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun mövcud 6 kilometrlik hissəsi torpaq örtüklüdür, 7 kilometrlik hissəsində isə dağların və meşələrin arası ilə yeni yol salınır.
Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılacaq, nəticədə yolun hərəkət hissəsinin eni 6 metr olacaq. Hər iki istiqamət üzrə 2 metr enində çiyinlərin də tikilməsi nəzərdə tutulub.
Aparılan tikinti işləri çərçivəsində Rustov kəndində 2 körpü inşa edilib. Körpülərin birinin uzunluğu 9 metr, digərinin isə 18 metrdir. Hər iki körpünün ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub.
Daha bir körpünün inşası isə Rustov-Nüydün-Şuduq yolunda aparılır. Bu körpünün də uzunluğu 18 metr, ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni isə 7 metr olacaq. Rustov-Bağçalı-Yekdar yolunda isə 1 ədəd su keçidinin inşası yekunlaşmaq üzrədir.
Hazırda hər 4 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 millimetr, 78 ədəd 500 millimetr və 12 ədəd 1000 millimetr diametrlik su ötürücü boruların tikintisi də aparılır. Bundan başqa yolların genişləndirilməsi işləri yekunlaşdırılıb, yol yatağının və yol əsasının inşası, yamacların kəsilməsi işləri gedir.
Bütün işlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli asanlaşacaq.