QAN YADDAŞI
Quba soyqırımı məzarlığında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO
Quba, 26 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba rayon ictimaiyyət nümayəndələri Xocalı faciəsi qurbanlarının xatirəsini Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etməklə anıblar.
AZƏRTAC xəbər verir ki, fevralın 26-sı səhər saatlarında rayon rəhbərliyi, müxtəlif təşkilatların təmsilçiləri və sakinlər məzarlığa gələrək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının bariz nümunəsi olan məzarlığa gül dəstələri düzülüb, həm ötən əsrin əvvəllərində, həm də Xocalı faciəsində qətlə yetirilən həmvətənlərimiz üçün dualar oxunub.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqat işlərinin nəticəsi olaraq burada müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Fevralın 26-da saat 17.00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Qubada da Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad ediləcək.