CƏMİYYƏT
Qubada “Əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar” mövzusunda seminar keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı, müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə müəyyən edilib ödənilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, bu fikir nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Əməkhaqqının ödənilməsinin formaları, qaydaları və əməkhaqqından tutulmalar” mövzusunda Quba rayonunda təşkil etdiyi seminarda səsləndirilib.
Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarından ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirak etdiyi seminarda əməkhaqqının verilməsinin müddətləri, əməkhaqqının verilməsinin işəgötürənin təqsiri səbəbindən gecikdirilməsi halları ilə bağlı qanunvericiliyin tələblərindən danışılıb. İşçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əməkhaqqından tutulmalara yol verilən hallar və s. barədə məlumatlar verilib. Seminarda, həmçinin kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əməkhaqqının verilməsinin başqa müddətlərinin də müəyyən oluna bildiyi diqqətə çatdırılıb. Müvəqqəti əvəzetməyə görə əməkhaqqının ödənilməsindən də bəhs olunub. Qeyd olunub ki, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir.
Gecə vaxtı yerinə yetirilən işə, çoxnövbəli iş rejiminə, iş vaxtından artıq vaxtda görülən işə görə əməkhaqqının verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə də ətraflı məlumatlar verilib.
Tədbirdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusundan da geniş bəhs olunub. Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu diqqətə çatdırılıb.