REGİONLAR
Qubada “Tramadol” həbləri və narkotik maddələr satan şəxs saxlanılıb VİDEO
Quba, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları gecə saatlarında rayon sakini Orxan Ərəbovu idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlayıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı kağız bükümdə olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. O.Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan E.Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə gəzdirdiyi 28 ədəd “Tramadol” həbləri və sellofan torbada təmiz çəkisi 435 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.