REGİONLAR
Qubada bayram əhval-ruhiyyəli “ASAN həyat şənliyi”
Quba, 25 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 25-də Quba “ASAN həyat” Kompleksində təşkil olunan Novruz şənliyi yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı, ASAN Radio və Xəzər TV-nin informasiya dəstəyi ilə keçirilən konsert proqramında məşhur sənətçilər səhnədə bir–birindən möhtəşəm mahnılar ifa ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
“ASAN xidmət”in qarşısındakı meydanda keçirilən mərasimdə bayram tonqalları yandırılıb. Milli paltar geyinmiş oğlan və qızlar tonqal ətrafında “Yallı” gediblər.
Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin, Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə təqdim olunan qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb.
“ASAN həyat şənliyi” devizi ilə keçirilən konsert proqramında respublikanın tanınmış estrada müğənniləri, Xalq Artisti Faiq Ağayev, populyar sənətçilərdən Elnur Məmmədov, Səidə Sultan, Azad Şabanov, Şölə Səfərəliyeva, eləcə də tanınmış gülüş ustaları Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev tamaşaçıların zövqünü oxşayıblar.
Quba şəhərindəki “ASAN həyat” kompleksinin kinoklubunun səhnəsində imza günü və film təqdimatı da keçirilib.
Qeyd edək ki, oxşar Novruz şənliyi bundan əvvəl Mingəçevir və Masallı “ASAN həyat” komplekslərində də təşkil olunub.