REGİONLAR
Qubada narkotik saxlayan və elektrik naqillərini oğurlayan şəxslər tutulub VİDEO
Quba, 13 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları rayon ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqda şübhəli bilinən Xaçmaz rayonu Hacıəlibəyli kənd sakini, 44 yaşlı Malik Mehtiyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı M.Mehtiyev narkotik maddəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Quba RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cağacuq kəndi ərazisində yerləşən yaşayış olmayan fərdi yaşayış evlərinin birindən ümumi dəyəri dörd min manatdan çox olan elektrik naqillərini oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev olduğu müəyyən edilib.
Saxlanılan zaman T.Güləliyev məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığını görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin də qarşısı alınıb. Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı naqilləri Siyəzən rayonu ərazisində yandırdığını, əldə olunan mis və alüminiumları rayon ərazisində fəaliyyət göstərən əlvan metalların qəbulu məntəqəsinə satdığını bildirib.
Saxlanılan hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.