CƏMİYYƏT
Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 5 yanvar, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 21 yaşlı Mehman Balayarov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun üzərinə baxış zamanı cibindəki siqaret qutusundan 2,7 qram qurudulmuş marixuana aşkarlanıb.
M.Balayarovun ətrafında aparılan tədbirlərlə onun yaşadığı Zizik kənd ərazisində narkotik vasitə gizlətdiyi məlum olub. Kənd ərazisindən keçən çayın sahilinə baxış zamanı oradan sellofan torbada təmiz çəkisi 295 qram olan qurudulmuş marixuana aşkar edilib.
Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və heç kimin tapa bilməməsi üçün çay kənarında gizlətdiyini bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.